Azərbaycan Dövlət Aqrar Universitetininin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Qazaxıstan respublikasının Almatı şəhərində Qazaxıstan Milli Aqrar Universitetində “UI GreenMetric” təskilatının təşkil etdiyi beynəlxalq seminarda iştirak edib.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, “UI GreenMetric” təskilatı 2010-cu ildən fəaliyyət göstərir və universitetlərin reytinq cədvəlini tərtib edir. Digər təşkilatlardan fərqli olaraq bu sıralamada universitetlərin reytinqi onların təbiətə verdiyi töhfəyə görə ölçülür. Əsas meyarlar kimi yaşıl şəhərciklərin salınması, bərpa olunan enerji mənbələri, iqlim dəyişkənliyinə qarşı qabaqlayıcı tədbirlərin hazırlanması, tullantıların təkrar emalına dəstək kimi tədbirlərin təşkil olunma sayı qəbul olunur. Hazırda 75 ölkədən 515 universitet təşkilata üzvdür. Onu da qeyd edək ki, ADAU ölkə universitetləri arasında ilk dəfədir ki “UI GreenMetric”in seminarında iştirak edib. Seminarda ADAU ilə təşkilat arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb və universitet bu ildən təşkilata üzv olub.

Tədbirdə Azərbaycan və Qazaxıstanla yanaşı Malayziya, İndoneziya, Fransa, Almaniya, Rusiya, Belarus, İran İslam Respublikası, Sloveniya, Latviya kimi olkələrdən də universitet rəhbərləri və ekspertlər iştirak ediblər. Seminarda iqlim dəyişkənliyi, su ehtiyatlarından səmərəli istifadə, yaşıllıqların qorunması, innovativ texnologiyaların universitetlərdə tətbiqi, tələbələrin Startap layihələrinə dəstək verməklə onlarda stimul yaratmaq kimi mövzular muzakirə olunur.

Tədbir iyun ayının 18-nə kimi davam edəcək.