Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Uşaq Yaradıcılıq Mərkəzi və şəhər Təhsil İdarəsinin birgə təşəbbüsü ilə “MDB Mədəniyyət Paytaxtı-2017” layihəsi çərçivəsində “Milli Mədəniyyət Festivalı” adlı layihənin final mərhələsi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Layihə rəhbəri Nəzrin Allahverdiyeva tədbir iştirakçılarını salamlayaraq, layihə haqqında ətraflı danışıb. Layihəyə Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə təhsil alan istedadlı 170 şagirdin qatıldığını deyən Nəzrin Allahverdiyeva şagirdlərdən 26 nəfərinin final mərhələsində iştirak hüququ qazandığını bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov iştirakçılara uğurlar arzulayaraq, Gəncədə mədəniyyət sahəsində görülən işlərdən danışıb. Ölkə başçısı tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Gəncə şəhərinin mədəniyyətimizin, milli dəyərlərimizin nümayişində böyük uğurlara imza atdığını bildirib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə şəhər rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində gənclər hərəkatının Gəncədə uğurla həyata keçirildiyini deyib. Rəşad Əlizadə bildirib ki, layihəni keçirməkdə məqsəd istedadlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaqdır.

Aprelin 20-dən seçimlərinə start verilən layihədə şagirdlər 5 nominasiya – mahnı, şeir, rəqs, natiqlik və rəsm üzrə mübarizə aparıblar. Müxtəlif nominasiyalar üzrə 5 qalib müəyyən olunaraq, final mərhələsində çıxış ediblər.

Hər nominasiya üzrə münsiflər heyəti tərəfindən qaliblər seçilib. İlk üç yerin sahibləri “Fəxri Fərman” və kuboklarla mükafatlandırılıb, 4-cü və 5-ci yerlərə isə həvəsləndirici diplomlar təqdim olunub.