Azərbaycanda 2016/2017-ci dərs ili başa çatıb və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınıb. Gəncə şəhər ümumtəhsil məktəblərinin 2280 nəfər XI sinif şagirdi də məktəb ilə vidalaşıb. Biz də dəcəliyi, uşaqlığı, qayğısız məktəb illərini arxada buraxıb müstəqil həyata qədəm qoyan məzunlarla görüşüb, təsüratlarını öyrəndik.

Əkbər Usubov: Məktəb illəri insan ömrünün ən yadda qalan illəridir. 11 ildir bu məktəbdə oxuyuram. Sinif yoldaşlarımız ilə keçirdiyimiz 11 il  yaddaşıma qayğısız, mənalı günlər kimi həkk olub. Artıq müstəqil həyata qədəm qoyuruq. Arzum universitetə qəbul olmaq, ali təhsilli, sağlam düşüncəli vətəndaş kimi yetişməkdir.

Təhminə İsayeva: Məktəb illəri mənim üçün bir çox xoş hadisələr ilə yadda qaldı. 11 il ərzində universitet və təşkilatların  təşkil etdiyi bilik yarışlarında iştirak edib, böyük nailiyyətlər əldə etdim. Qarşıda bizi tələbəlik illəri gözləyir. Ali məktəbi də uğurla başa vurmaq, daim ailəmə, mənə etimad göstərən insanlara layiq olmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

Murad Sadıqov: Həm sevincli, həm kədərli hisslər keçiririk. Kədərliyik ona görə ki, məktəbdən, birlikdə oxuduğumuz sinif  yoldaşlarımızdan ayrılırıq. Sevincliyik ona görə ki, qarşıda bizi yeni yol, yeni həyat gözləyir. Arzum hərbiçi olmaq, bundan sonrakı ömrümü vətənimizə xidmət ilə keçirməkdir.

Şövkət Həsənova: Məktəb illəri bizə həm elm, həm də həyatı öyrətdi. Valideynlərimiz, müəllimlərimiz  əl-ələ verib məhz bu gün üçün çalışdı. Biz də yaxşı şagird, yaxşı övlad, yaxşı vətəndaş olmaq üçün bütün səylərimizi səfərbər etdik.  Müəllimlərimizə, valideynlərimizə təşəkkür edir,  bütün məzunlara isə uğurlar arzulayıram.