Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik  tarixi gün-15 İyun- Milli Qurtuluş Günü  4 min yaşlı, gündən-günə gözəlləşən, gəncləşən Gəncə şəhərində hər il olduğu kimi bu il də  böyük təntənə ilə qeyd edilib.

Ulu öndər Heydər Əliyevin adını daşıyan Park-Kompleksdə yerləşən Amfiteatrda təşkil olunan ümumşəhər tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalıar və ictimayyət nümayəndələri iştirak ediblər.

Tarixi bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar günün xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək, Milli Qurtuluşun ölkəmizin yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirib. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdiyini bildirən Elmar Vəliyev Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayaraq Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

İcra başçısı həmçinin bayram tədbirinə qatılan məzunları da “Son zəng” münasibəti ilə təbrik edib. Ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Elmar Vəliyev məzunlara möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlardan, gənclərə yaradılan imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə edib.

Tədbirdə yüksək bal toplamış məzulara, fənn olimpiadalarında qalib olan şagirdlərə mükafat və hədiyyələr təqdim edilib.

Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, 2 saylı məktəb-liseyin valideyn komitəsinin sədri Aysel Qurbanova çıxış edərək, məzunlara enişli-yoxuşlu həyatda daim məğrur olmağı, Vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Bayram tədbiri Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və onbirincilərin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib. Ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir, müstəqil Azərbaycana həsr olunmuş mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.