Ölkədə peşə təhsili sisteminin yeni imici formalaşdırılır. Bu sahədə qarşıda duran əsas hədəf peşə təhsilini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə çatdırmaqdır.

Şeyx Nizami yurdunda Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin I tədris korpusunun əsaslı təmirdən sonra açılış mərasimi olub. Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasim iştirakçılarını əlamətdar gün-15 İyun-Milli Qurtuluş Günü, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin I tədris korpusunun əsaslı təmirdən sonra açılışı münasibəti ilə təbrik edib. Bildirib ki, son illər peşə təhsilində davamlı şəkildə zəruri, islahatyönümlü addımlar atılmaqdadır. Onlardan da ən mühümü məhz ölkə Prezidenti cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasıdır. Gəncə şəhərində ilk peşə-ixtisas təhsilli müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Mərkəzin kollektivinə peşə tədrisi sahəsində müvəffəqiyyətlər arzulayan icra başçısı yaxın günlərdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun əsaslı təmirdən sonra açılışının da nəzərdə tutulduğunu bildirib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin istehsalat təlimi ustası Sevil Nuriyeva, şagirdlər Günel Ələsgərova və Elcan Musayev Mərkəzdə yaradılan şəraitə görə Prezidet cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və təmir–tikinti işlərinin həyata keçirilməsində əməyi olan insanlara təşəkkür ediblər.

Mərkəzin təmirində əməyi olan “Rövşən Oğuz Qrup”MMC-nin işçiləri-Mürsəl Şəhidov və Elnur Qurbanova  Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman  və hədiyyə təqdim  edilib.

I kopusun rəmzi açılışını bildirən lent kəsilib.

Elmar Vəliyev və qonaqlar Mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Şahin Məmmədov  müəssisə barədə ətraflı məlumat verib. I korpus binasnın  1939-cu ildə istifadəyə verildiyini xatırladan Şahin Məmmədov qeyd edib ki, bina uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq ilk dəfədir ki, sinif otaqları, emalatxanaları, günün tələblərinə cavab verəcək səviyyədə yenidən qurulub, lazımi avadanlıqlarla təchiz edilib. 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabinetinin yerləşdiyi I korpusda  hazırda 9 ixtisas üzrə 336  şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 18 istehsalat təlim ustası, 24 pedaqoji və yardımçı heyət məşğul olur. Emalatxanalar lazımi avadanlıqlarla təchiz edilərək, şagirdlərin istifadəsinə verilib. 4 mərtəbəli 150 yerlik yataqxanada da şagirdlərin rahatlığı, asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yataqxananın həyətində mini stadion inşa edilib, idman alətləri, tennis və müxtəlif idman stolları quraşdırılıb. 400 kv.m məktəbyanı sahə, 100 yerlik yeməkxana, oxu zalı olan kitabxana, akt zalı yenidən təmir edilib. Binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 150-dən çox ağac və bəzək kolları əkilib.

Sonda xatirə şəkli çəkilib.