Gəncədə tanınmış azərbaycanlı rəssam Tahir Abbasovun fərdi sərgisi keçirilir. Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunda keçirilən sərginin açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki vitse-konsulu Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Hüseyn Yurtsevər sərgini açıq elan edərək, Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olan sərginin hazırlanmasında Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyinin olduğunu vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu sərgi şəhərin mədəniyyətini, incəsənətə verilən diqqəti nümayiş etdirən bir tədbirdir. Gəncənin tarixən mədəniyyət beşiyi olduğunu qeyd edən icra başçısı şəhərdə mədəniyyət işçilərinə töhfə olaraq qısa zaman ərzində Filarmoniya binasının istifadəyə veriləcəyini diqqətə çatdırıb. Elmar Vəliyev qeyd edib ki, Tahir Abbasov bu  sərgisi ilə Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha nümayiş etdirib.

Tahir Abbasov fərdi sərgisinin təşkilində əməyi olan hər  kəsə minnətdarlıq edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və qonaqlar rəsm əsərləri ilə yaxından tanış olublar.

Sərgidə  Tahir Abbasovun surrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi 35-ə yaxın əsəri nümayiş etdirilib.

Sərgi iyun ayının 18-ə kimi davam edəcək.