“Sevilməyin tək bir yolu var ki, o da tələbədən gizlənməməkdən keçir”

Dünən çox sevindirici bir xəbər aldıq, ildırım sürətilə yayıldı ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) böyük kontingent tərəfindən sevilən və təqdir edilən rektoru İbrahim Cəfərov ilinin ən yaxşı rektoru seçilib. Belə ki, Qafqazın ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi 2016/2017-ci tədris ilinin ən yaxşı rektorunu müəyyən edərkən ADAU-nun rektoru İbrahim Cəfərov  səslərin 41%-ni toplayıb. Sosial tələbə sorğusu bu dəfə 85.000 istifadəçi arasında 2 səsvermə əsasında müəyyən edilib. İbrahim Cəfərova 2-ci səsvermədə digər universitet tələbələri də böyük dəstək verib. Beləliklə də ADAU-nun rektoru analoji yarışmada ikinci dəfə, ötən il olduğu kimi bu il də qalib olub.
Artıq 4 ildir ADAU rektorunun fəaliyyətinə, iş prinsipinə, rektorluğuna azdan-çoxdan bələd olan biri kimi qeyd etməliyəm ki, səsvermənin nəticələri elə belə də olmalıydı. Və bu qələbini, daha doğrusu tələbə seçimini, sevgisini ürəkdən alqışlayıram. Çünki mənim tanıdığım, şəxsiyyətinə, insanlığına, ən əsası, rektor olaraq tələbələr ilə münasibətinə sonsuz hörmət bəslədiyim İbrahim Cəfərov sözün əsl mənasında nümunə olacaq rektordur. İbrahim Cəfərov çoxlarından fərqli olaraq işinin, tutduğu vəzifənin şərəfi ilə yaşamır, ölkə başçısı tərəfindən ona göstərilmiş bu etimadın məsuliyyətini dərk edir. İndi adını xatırlamadığım bir dahi mütəfəkkirin çox gözəl fikri var, təxminən belədir: “İnsan işinin şərəfi ilə yox, məsuliyyəti ilə yaşamalıdır ki, bu məsuliyyət də ona şərəf gətirsin”. İbrahim Cəfərov deyilən kimi hər zaman ağlıma məhz həmin fikir gəlir. Çünki İbrahim Cəfərov işinin şərəfi ilə yox, məsuliyyəti ilə yaşayan rektorlardandır. İbrahim Cəfərov rektor olduğu üçün tələbədə yuxarıdan aşağı baxmır, əksinə hər zaman tələbəni özündən yuxarıda görür və yüksək tutur. İbrahim Cəfərov bugünkü tələbəyə sabahın məzunu kimi yox, savadlı mütəxəssisi kimi görür. Və o mütəxəssislərin yetirşdirilməsi üçün gecəsini gündüzünə qatıb, yoruldum demədən çalışır, çabalayır. Universitetin hər bir tələbəsinə rektorluqdan əvvəl valideyn sevgisi və qayğısı göstərir. Bir məqamı da vurğulayım ki, İbrahim Cəfərov bu işləri hansısa seçimlərdə, müsabiqələrdə birinci olmaq üçün görmür. Onun ancaq bir məqsədi, bir məramı var, rəhbərlik etdiyi ali təhsil ocağını birincilərdən, öncüllərdən etmək. İbrahim Cəfərov ADAU-nun adının nəinki ölkədəki təhsil müəssisələrin, hətta dünyanın ən nüfuzlu universitetləri sırasında çəkilməsini arzulayır. Bu arzuların həyata keçməsi üçün də əməli işlər görür, fəaliyyət aparır. Və bu gün sevindirici haldır ki, ADAU-nun hörmətli rektoru artıq öz əməyinin bəhrəsini görməkdədir, bununla ikinci dəfədir dünyanın ən ləziz sevgi meyvəsini dadır. Dərk etdiyi məsuliyyət ona sevgi qazandırmaqla yanaşı böyük şərəf də gətirir.
Çox istərdik ki, bu gün Gəncəyə gedərək ADAU-nun rektoru İbrahim Cəfərovla həmsöhbət  olaq, təbriklərimizi, arzularımızı çatdıraq. Təssüf ki, zaman və məkan baxımından bu gün bu istəyimiz alınmadı. O üzdən  ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimliyə rektor İbrahim Cəfərova ünvanladığımız təbriklərimizi çatdırıb, elə telefondaca bir neçə sual ünvanladıq.
– Qalib müəllim, artıq ikinci dəfədir ki, İbrahim müəllim ilin ən yaxşı rektoru seçilir. Sizcə, bu uğurun, daha doğrusu bu sevginin kökündə əsas hansı amil dayanır?
– Əslində, bu, belə də olmalıydı. İllərin gərgin zəhməti təkrar bəhrəsini verib və inam var ki, bu cür qürur yüklü qələbələr  davamlı olacaq. İbrahim Cəfərov bütün varlığı ilə tələbələrinə, başçılıq etdiyi universitetə bağlı ziyalı, ən ləyaqətli müəllim, rəhbərdir. Bu belə olmasaydı ikinci dəfə tələbələrin səs çoxluğu ilə sosial yarışmanın qalibi ola bilməzdi, hətta başqa universitetlərin tələbələri belə onu dəstəkləməzdi.  İndi tələbə yalnız ədalətə, qayğıya və diqqətə möhtacdır. Bunlar ADAU da tam mənası ilə ödənir.  Tələbə reallıqla yalanı həmən anlayır və yalana etirazını bildirməkdən çəkinmir. Onların qəlbini oxşayıb, hər cür təhsil şəraiti yardığı üçün də İbrahim müəllim həmişə sevilib. Bir neçə faktı nəzərə çatdıraq. Tələbə istənilən vaxt, yəni, qəbul günü və saatı nəzərə alınmadan rektora arzusunu, təklif və problemini söyləyib onu müzakirə edə bilir. Problemə yerindəcə reaksiya isə tələbəni daha inamlı edir. Hətta tələbənin rektorun telefonuna etdiyi zəng də cavabsız qalmır. Digər tərəfdən isə rektor daim tələbə arasında olur, Yeni istifadəyə verilən tələbə evində, fakültələrdə tez-tez tələbələrlə görüşən İbrahim Cəfərov həm də onların ən yaxın dostuna, sirdaşına çevrilib.
– Yəqindir ki, İbrahim müəllim bu sevgini bir gündə-bir ildə qazanmayıb. Buna müəyyən zaman və əmək sərf edib, müəyyən mərhələlərdən keçib. Uğurlu, sevilən rektor olmaq üçün sizcə, hansı mərhələləri adlamaq lazımdır?
– Bayaq dediyim kimi ilk olaraq tələbəni sevməlisən. Onun gənc qəlbinə şübhə toxumu səpilməyə imkan verməməlisən. Ədalət və şəffaflıq olan yerdə sevgi də var, böyük inam və coşqu da.Cənab Prezident İlham Əliyevin aqrar təhsilə qayğısının nəticəsi və  İbrahim Cəfərovun müsəlləh əsgər kimi verilən tapşırıqları vicdanla yerinə yetirməsi  bu gün də keçirilən sosial yarışmada təsdiqini tapıb. İndi ADAU-da keçirilən islahatlar bu təhsil müəssisəsinin nüfuzunu daha da artırıb. Yaradılan istixanalar, quşçuluq, balıqçılıq, arıçılıq, bildirçin yetişdirmə tədris mərkəzləri təkcə tələbənin təcrübə məkanları deyil, həm də bütün şəraitə malik tədqiqat yerləridir. Bu şəraitdə təhsil alan tələbə təbii ki, dövlətin etibarını doğrulda bilir, mükəmməl bir kadr kimi yetişir.
Qeyd edim ki, hər tədris ilinin sonu və hər ilin axırı tədris ilinin və ilin rektorları müəyyənləşir. İndiyədək keçirilən bu yarışmalarda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 2 dəfə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 1  dəfə qalib olublar.  Azərbaycan Dövlət  Aqrar  Universitetinin rektoru İbrahim Cəfərovun bu yarışmada 2-ci dəfə qalib gəldiyini bir daha vurğulayıram.
 
– Bu işdə ADAU ailəsinin önəmi və payı neçə fazidir? Necə və nə kimi dəstək olursunuz rektora?
– Ailə kimi tanınır ADAU. Bir yuruq kimi birləşib bu gün dövlətin aqrar sahə üzrə kadr hazırlığında tələblərini ödəyir. Bu sahədə İbrahim müəllimin böyük təcrübəsi var. İbrahim Cəfərov bütün varlığı ilə tələbələrinə, doğma universitetinə bağlı insandır. O, Aqrar Universiteti çox yaxş bilir. Hər daşına belə bələddir. Buranın tələbəsi olub. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra müəllim kimi fəaliyyətinə də buradan başlayıb.Dekan olub, Tədris işləri üzrə prorektor kimi məsuliyyətli bir vəzifə daşıyıb.Həyatının ən qaynar illərini bu təhsil müəssisəsinə sərf edib. Bu baxımdanda onun atdığı hər bir addım uğur gətirib. Təbii ki, sağlam kollektiv rektorun uğurlarına güc verib, onu sürətləndirib. İndi tələbə də, gənc müəllim də ona qayğı ilə yanaşan rəhbərini sevir, ağıllı və düşüncəli təklifləri ilə ümumi işin mənafeyinə xidmət edir.
– Bar verən ağaca daş atanlar da olar həmişə, bu, təbiidir. Sizdə vəziyyət necədir, daş atanları və atılan daşları necə cavablandırırsınız?
– Mövqeyi, savadı və səviyyəsi olanlara və bu səbəbdən idarəetmədə uğur qazananlara həmişə daş atılıb. Bu bizdə də belədir. Amma arxasında prezidentini görən rəhbər kimi bu daşlar onu qətiyyən qorxutmur. Daim gələcəyimizin təminatçısı olan gəncliyin arasında olan bu insanın bircə amalı var: aqrar sahə üçün dövlətin tələb etdiyi kadrları yetişdirmək. O ki, qaldı qeyri-dəqiq informasiyalara( hərdən olur) bu da sadəcə marağı olanlardan, görülən işlərə qsqanclıqdan başqa bir şey deyil.
– Bilirəm ki, İbrahim müəllim çox təvazökar insandır. Əgər ona “Uğurlu rektor olmağı necə bacarmısınız?” sualını versək, bəlkə də təvazökarlıqdan cavablandırmayacaq. O üzdən istərdik ki, hər zaman həqiqəti deyən peşəkar jurnalist olaraq bu sualımızı siz cavablayasınız. Bir sözlə, qısa analiz edəsiniz İbrahim Cəfərovu.
– Ulu öndər Heydər Əliyevin bir fikiri düşdü yadıma: “Qoy ədalət zəfər çalsın”. İbrahim Cəfərəvun uğurlarının əsas sirri ədalətli və obyektiv olmasıdır, hər tələbəyə, mən deyərdim, fərdi yanaşmasıdır. Onların heç birini öz övladından ayırmamasıdır. O, tələbədən gizlənmir, onlarla ünsiyyətdən çəkinmir. Çünki elə bir mühit yaratmayıb ki, tələbədən aralıda dursun. Əksinə, həmişə tələbənin tərəfində durub. Əsas səbəb bunlardır ki, bu da uğura gedən ən şəffaf yoldur. Digər tərəfdən isə ADAU da çox güclü islahatlar həyata keçirilir. Yeni laborotoriyalar yaradılır, tədris təcrübə məkkəzləri istifadəyə verilir. Tələbə, doktorant daha tədqiqat üçün uzaq məsafələr qət etmir. Təhsil aldığı müəssisənin özünün təcrübə sahələrində gərəkli kadr olmaq üçün elmi araşdırmalarını apara bilir. Sevilməyin isə tək bir yolu var ki, o da tələbədən gizlənməməkdən keçir.
Bir də, bu insan dincliyin nə olduğunu bilmir. Gecəsi-gündüzü tədris korpuslarında keçir. Gün ərzində dəfələrlə auditoriyalarda olur, gənc müəllimləri dinləyir, təkliflərinin gerçəkləşməsi üçün onlara dəstək olur. Bunlar olan yerdə uğur niyə olmasın və rektor niyə sevilməsin? Mən bunları çox səmimi dedim. Özü də ADAU-nun mətbuat xidmətinin rəhbəri kimi yox, siz dediyiniz kimi sözün və fikrin dəyərini bilən jurnalist kimi.