Azərbaycan Texnologiya Universitetində IV Bakı İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirak edən tələbələrlə rəhbərliyin görüşü keçirilib. Tələbələri qəbul edən rektor, professor Akif Süleymanov onlara gördükləri əhəmiyyətli işə, universiteti layiqincə təmsil etdiklərinə görə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, könüllülük hərəkatı bu gün gənclərin mənəvi baxımdan sağlam formalaşmasında mühüm rol oynayır. Bu cür mötəbər tədbirlərdə, böyük idman yarışlarında iştirak eyni zamanda tələbələrin gələcək üçün təcrübə qazanması baxımından əhəmiyyətlidir.
Rektor həmçinin qeyd edib ki, tələbələrin IV Bakı İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirakla bağlı buraxdıqıarı dərslər üzrlü sayılacaq, imtahanları təkrar verə bilmələrinə şərait yaradılacaq. Tələbələr isə öz növbələrində onların əməyinin layiqincə qiymətləndirilməsinə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər. Oyunlarda fəal iştiraklarına görə aldıqları təşəkkürnamələri rektora təqdim edən könüllülər bundan sonra da ATU-nun adını hər yerdə fəxrlə çəkilməsi üçün səylə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, 8 min nəfər könüllünün iştirak etdiyi bu layihəyə Gəncə şəhərindən kollektiv şəkildə ancaq ATU-nun tələbələri qatılıb. Universitetin 12 tələbəsi bu məqsədlə daha əvvəldən oyunların təşkilat komitəsi tərəfindən seçilib. Onlar oyunlar başlamamışdan öncə 3 dəfə ikigünlük təlimlərə cəlb olunublar. 10 gün davam edən yarışlarda aktiv fəaliyyət göstərən könüllülər 12 fərqli məkanda – idman qurğuları, hotellər və hava limanında tamaşaçı, nəqliyyat, bilet və sair xidmətlərdə çalışıblar. ATU-nun 4 nəfər tələbəsi oyunların təşkilat komitəsi tərəfindən 60 nəfərlik qruplara liderlik etmək üçün seçilib.