Gəncə şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) birgə təşkilatçılığı ilə “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində “Qadın Sahibkar Assosiasiyalarının yaradılması və inkişafı” mövzusunda təlimlərə yekun vurulub. 

Təlimlər Azərbaycan Mikro Maliyyə Assosiasiyasının icraçi direktoru Jalə Haciyeva və İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qalib Bayramov tərəfindən aparılıb.

2 günlük təlim zamanı “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı” strateji yol xəritəsində də qadın sahibkarlığının inkişafında qadın sahibkarlar assosiasiyalarının və peşə təşkilatlarının yaradılmasının vacibliyi önə çəkilib. Həmçinin assosiasiyaların yaradılması, strateji planlaşdırma, assosiasiyalarda üzvlüyün artırılması üsulları, əlaqələrin qurulması və inkişaf etdirilməsi, dövlət və biznes dairələr arasında dialoqun qurulması yollarına dair məlumatlar verilib.

Jalə Hacıyeva bildirib ki, istənilən biznesi irəli aparmaq üçün, həmin sahə üzrə xüsusi tənzimləyici qurum və hüquqi çərçivənin yaxşılaşdırılması üçün assosiasiyaları rolu böyükdür.Biznes assosiasiyaları bütün ölkələrdə biznes sektorlarının inkişafına müsbət təkan verib. Məsələn, Amerikada elə biznes assosiasiyası var ki, onun 200 il yaşı var. Bu gün Azərbaycanda biznes assosiasiyaları hələ 12 ildir ki, inkişaf etməyə başlayıb. Xanım sahibkarların da bu mövzu üzrə maraqlanması təqdirə layiqdir.