Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında Tibb Kollecinin tələbələri ilə görüş keçirilib.
Tədbiri açan Naqif Həmzəyev bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal mövqeyi ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda formalaşır.
Həmçinin Gəncənin inkişafından danışan Naqif Həmzəyev onu da qeyd edib ki, aparılan genişvüsətli, möhtəşəm abadlıq-quruculuq işləri, keçmişlə müasirliyin vəhdətini qoruyub saxlayan tikililər, istirahət və əyləncə mərkəzləri gənclərin fəallığının yüksəlməsində, eləcə də onların vətənpərvərlik tərbiyəsində, milli-mənəvi dəyərlərimizə hörmət və rəğbət hissinin aşılanmasında mühüm rol oynayır.
Gənclər də bu şəraitdən yararlanaraq dövlətimizə və dövlətçiliyimizə sadiqliyini nümayiş etdirməli, hər sahədə olduğu kimi, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməli, sosial şəbəkələrdən düzgün istifadə etməklə, dövlətin həyata keçirdiyi tədbirlər, yeniliklər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında operativlik, çeviklik, vətənpərvərlik nümayiş etdirməlidirlər.
Çıxış edən Tibb Kollecinin direktoru Mehman Rzayev Gəncədə gənclər üçün yaradılan şərait və imkanlardan danışıb. Tibb Kollecinin gənclərlə bağlı həyata keçirdiyi layihələri qeyd edən Mehman Rzayev göstərilən dəstəyə, yaradılan şəraitə görə şəhər rəhbərliyinə təşəkkür edib, gənclərə daha fəal, təşəbbüskar olmağı tövsiyə edib.
“Ölkə başçısı cənab İlham Əliyev “XXI əsr yüksək texnologiyalar əsridir” deyə dəfələrlə vurğulayaraq bu əsrin gələcəyimizin idarəediciləri olan gənclərin qarşısında mühüm tələblərin qoyulduğunu bildirir. Məhz buna görə də müasir gənclik dəyərli təşəbbüsləri, ideyaları, yüksək intellekti ilə cəmiyyətdə, təhsildə, seçdiyi fəaliyyət sahəsində fəqlənməlidir. Çox fərəhli haldır ki, şəhərimizin gəncləri dünyanın mötəbər tədbirlərində, idman yarışlarında doğma Vətənini şərəflə təmsil edir, Nizami yurdunun adını ucaldırlar. Biz təəssübkeş, Vətənini, torpağını dərin məhəbbətlə sevən, harada olmasından aslı olmayaraq əqidəsi, əməli ilə Gəncənin adını ucaldan gənclərimizlə fəxr edirik”- YAP Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi deyib.
Görüş maraqlı diskussiya şəraitində keçib, gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.