Son illərdə  inkişaf dövrünü yaşayan qida sənayesində süd məhsulları sektoru xüsusilə diqqəti cəlb edir. Bu sahədə yeni yaranan və rəqabətə davamlı məhsul istehsalına başlayan yerli markalar zamanın tələbinə uyğun olaraq, ən müasir texnologiyalardan istifadə edirlər. Bəs görəsən mövcud kadrlar və onların bacarıqları bu istehsalın tələblərinə nə qədər uyğun gəlir? “PalSüd” zavodunun istehsalat müdiri, Azərbaycan Texnologiya Universitetinin məzunu Vüsal Məmmədov bildirib ki, yaxın illərə qədər Azərbaycanın süd sənayesində müəssisələr yox dərəcəsində idi. Sovet dönəmindən sonra süd zavodlarının bağlanması nəticəsində bu sahədə ciddi tənəzzül müşahidə olunurdu. Ancaq son 8-10 ildə bu sektorda yenidən dirçəliş müşahidə olunmağa başlayıb. Emal və istehsal müəssisələrinin sayı durmadan artır. Bu isə həm rəqabət mühitini formalaşdırır, həm də ixtisaslı kadrlara olan tələbatı artırır.

Qida sənayesi üçün kifayət qədər peşəkar mütəxəssisin yetişməməsinin səbəblərindən biri də uzun zaman bu sahədə durğunluğun mövcud olmasıdır. Yəni müəssisələr olmadığı üçün gənclər də bu sahədə oxumağa, işləməyə can atmırdı. Bunun nəticəsidir ki, bugün Azərbaycanda qida mühəndisləri yox dərəcəsindədir. Ancaq indi vəziyyət dəyişib, emal və istehsal müəssisələri durmadan artır. Bu isə kadr təminatı problemini daha da ciddiləşdirir. Biz və bizim kimi əksər müəssisələr çox vaxt xaricdən mütəxəssis cəlb etməklə vəziyyətdən çıxmağa çalışırıq. Zavodumuz yeni fəaliyyətə başlayanda biz də bu təcrübədən keçmişik. Ancaq hazırda işi tam yerli mütəxəsssislər hesabına qura bilmişik. Müəssisənin fəaliyyətinin ilk illərində yerli kadrların yetişdirilməsinə ciddi fikir verdik. Çünki xaricdən dəvət olunan kadrların əməkhaqqı yüksək olduğundan onlarla işləmək sərfəli deyil. Həm də əsas hədəflərimizdən biri öz vətəndaşlarımızı, bölgə sakinlərini işlə təmin etməkdir.

“PalSüd” zavodu bu gün Cənub bölgəsinin insanları üçün ən çox arzuolunan iş yerlərindəndir. Həm əlverişli iş şəraiti var, həm də yüksək əməkhaqqı. Bundan sonra da xeyli insanı işə cəlb etmək imkanlarımız var. Yaxşı olar ki, gənclər bir qida mühəndisi kimi özlərini tam yetişdirdikdən sonra iş üçün müraciət etsinlər. Bunun üçün təhsil illərində istehsalat təcrübəsinə daha çox vaxt ayırmalı, gələcək iş yerləri olan müəssisələrlə daha sıx əlaqədə olmalıdırlar. Çünki, bu gün istehsalatda tətbiq olunan müasir texnologiyaların əksəriyyəti universitetlərin tədris proqramlarına daxil deyil. Zəruri biliklərə malik olmayan əməkdaşların daha tez formalaşması üçün biz onları xarici ölkələrə təcrübəyə göndərməli oluruq.

Bu sektorda karyera perspektivi də yüksəkdir. Mən özüm 8 il əvvəl bu zavodda laborant kimi əmək fəaliyyətinə başlamışam. Artıq 3 ildir ki, istehsalat müdiriyəm. Mənim kimi xeyli sayda gənc kadr da bilik və bacarıqları qiymətləndirilərək irəli çəkilir, daha yuxarı vəzifələr təyin olunur. Arzu edənləri, özünü mütəxəssis kimi yetişdirənləri həqiqətən də bu sektorda uğurlu karyera gözləyir.