20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı YAP Gəncə şəhər Təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının şöbə müdirləri İsmayıl İsmayılov, Hüseyn Budaqov, ərazi ilk partiya təşkilat sədrləri, müəllimlər, fəal gənclər iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib, Azərbaycanın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib
Tədbiri YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov giriş sözü ilə açaraq, XVIII əsrdən başlayaraq xalqımıza qarşı həyata keçirilən erməni terror aktlarının tarixindən, azərbaycanlıların başına gətirilən dəhşətli faciələrdən, 20 Yanvar qətliamından söhbət açıb. 20 Yanvar hadisələrini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirən İsmayıl İsmayılov bu tarixin gənclər arasında doğru təbliğinin vacibliyini qeyd edib.
Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxı izləyiblər.
YAP Gəncə şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri, dosent Hüseyn Budaqov və Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri, dosent Cavid Bağırzadə çıxışlarında vurğulayıblar ki, uzun illərdir ki, Azərbaycan xalqına qarşı terror həyata keçirən ermənilər tarixin fərqli dönəmlərində işğal nəticəsində torpaqlarımıza sahiblənib, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçiriblər. Təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən deportasiya, etnik təmizləmə və soyqırım siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 kvadratkilometr ərazisini itirib, 1991-1993-cü illərdə 20 faiz ərazisi işğal edilib, ümumilikdə 2,5 milyon nəfər əhalisi qətilə yetirilib. 20 Yanvar cinayəti XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktıdır. Sovet imperiyasının 1990-cı ildə Bakıda törətdiyi qanlı qırğın zamanı 131 insan öldürülüb: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət alıb; 4-şəxs itkin düşüb; 400 nəfər isə həbs edilib. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülüb.
1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, kommunist rejiminin gercək simasını ifşa edərək, xalqıımızın suveren hüquqlarına qəsd olunduğunu bildirib. Bu bəyanatla yanvar hadisələrinə ilk dəfə siyasi qiymət verilib.
Gəncə şəhəri 5 saylı, 25 saylı, 39 saylı tam orta məktəb şagirdlərinin 20 Yanvar faciəsi haqqında söylədikləri şeirlər tədbir iştirakçılarını daha da təsirləndirib.
Tədbirə yekun vuran İsmayıl İsmayılov Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın erməni terrorunun dəhşətli nəticələrinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini və dövlətimizin ətrafında sıx birləşməyi diqqətə çatdırıb.
Tədbirdən sonra Partiyanın fəal gəncləri Ali təhsil ocaqlarında 20 Yanvarla bağlı təbliğat xarakterli məlumatlandırıcı bukletlər paylayıblar.
Cəmilə KƏRİM