Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva
- Sevinc xanım, bu günlərdə Bakı şəhərində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısı keçirildi. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın dünyada enerji təchizatşısı kimi rolunu nə dərəcədə gücləndirəcək ?
- Bildiyiniz kimi, Azərbaycan dünyada böyük nüfuza malik olan ölkədir. Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan bir sıra qlobal layihələrin təşəbbüsçüsü və müəllifi kimi də beynəlxalq müstəvidə qəbul olunur. Bu mənada ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu və əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı sayəsində Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Hazırda isə Azərbaycanın fəal iştirakı ilə miqyasına görə XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizi inşa olunur. Artıq “Cənub” qaz dəhlizinin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib.
Təbii ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısının da Bakıda keçirilməsi təsadüfi deyil. “Cənub” qaz dəhlizinin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olub. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş inkişafı üçün etibarlı zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu layihənin əhəmiyyətini vurğulayıb. Şübhəsiz ki, belə bir qlobal miqyaslı layihələrin reallaşmasında dövlətimizin başçısının siyasi iradəsi və qətiyyətli siyasəti də mühüm rol oynayır.
Bu cür qlobal əhəmiyyətli layihələr Azərbaycanın geosiyasi çəkisini daha da artırır, dünyada etibarlı tərəfdaş imicini gücləndirir və Avropanın enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirir.
- Avropa İttifaqı – Azərbaycan əlaqələrinin mövcud durumunu necə dəyərləndirirsiniz ? Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfəri və səfər zamanı aparılan müzakirələr bu əlaəqlərin inkişafına nə kimi tövhələr verə bilər ?
- Bilirsiniz ki, Azərbaycan Respublikasının Avropa İttifaqı, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatlarla sıx qarşılıqlı münasibətləri var. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, enerji təhlükəsizliyi, iqtisadi, qanunverici, mədəni və digər sahələri əhatə edir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasında Avropa İttifaqının iki yüksək səviyyəli nümayəndəsinin – Avropa İttifaqının vitse-prezidenti xanım Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı Azərbaycan ilə əlaqələrə diqqətin təzahürüdür. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.
Azərbaycan Avropa İttifaqı ilə digər sahələrlə yanaşı enerji sahəsində çox vacib əməkdaşlıq edir. Uğurlu enerji əməkdaşlığı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə müsbət təsir göstərən vacib elementlərdən biridir. Amma bununla yanaşı perspektivdə əlaqələrin inkişafı üçün daha böyük imkanlar var. Nəzərə alsaq ki, Azərbaycanın ticarət tərəfdaşları arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir, onda bu yöndə əməkdaşlıq daha da inkişaf edə bilər.
Təbii ki, səfər çərçivəsində Avropa İttifaqının yüksək rütbəli nümayəndələri keçirdiyi görüşlər zamanı vacib müzakirələr aparıblar. Görünən odur ki, Avropa İttifaqı da əlaqələrimizin inkişafına maraqlıdır. Ümid edirəm ki, təşkilat əməkdaşlığı sağlam, normal, bərabərhüquqlu yanaşma çərçivəsində inkişaf etdirmək niyyətini ortaya qoyacaq. Azərbaycan cəmiyyəti xüsusilə Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe ortaya qoymasını gözləyir. Avropa İttifaqı Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə pisləməli və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün öz təsirli imkanlarından istifadə etməlidir.
- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etdi. Bu səfərin əhəmiyyəti nədən ibarətdir ?
- Qeyd etdiyim kimi Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə fəal əməkdaşlıq edir. Bu baxımdan, AŞPA-nın işində Azərbaycan nümayəndə heyəti aktiv iştirak edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, həm də beynəlxalq müstəvidə baş verən proseslərlə bağlı ölkəmizinin mövqeyini ifadə etmək etmək baxımından üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Məhz bu fəallığın nəticəsidir ki, nümayəndə heyətimizin bəzi üzvləri təşkilatın rəhbər strukturlarına seçilirlər.
Təbii ki, Azərbaycan nümayəndə heyətinin fəallığı AŞPA rəhbərliyi tərəfindən də təqdir olunur. Fikrimcə, AŞPA prezidentinin ölkəmizə səfəri Azərbaycan-Avropa Şurası əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Baxmayaraq ki, bu təşkilatda da erməni lobbisi, anti-azərbaycançı qüvvələr ölkəmizin nüfuzuna zərbə vurmaq üçün cəhdlər göstərir, Ermənistanın işğalçı mahiyyətinin ifşa olunmasının qarşısını almağa çalışır. Amma bütün bunlar bizi ruhdan salmır və öz haqq işimizi davam etdirməkdən çəkindirmir. Hesab edirəm ki, səfər zamanı AŞPA rəhbərliyi səfər çərçivəsində Azərbaycanın hərtərəfli inkişafının bir daha şahidi oldu və bu, çox vacib amildir.
- Sevinc xanım, beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumatların çatdırılması işi sizcə hansı səviyyədədir ?
- Ümumiyyətlə, dünyada qedən proseslər, münaqişələr, dini dözümsüzlük, radikalizmin, terrorizmin yayılması onu subut edir ki, bu gün Azərbaycan haqqında dünyaya deyəcəyimiz sözlərin ən əsası odur ki, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin ölkəmizdə əsrlər boyu sülh, qardaşlıq, əminamanlıq şəraitində yaşaması dünyanın mürəkkəb dövrdündə dövlətimizin tolerantlıq adasına çevirilməsi, multikulturalizm məkanın olmasıdır. Bu gün Azərbaycan dünyaya bu amillərlə tanıtmalıdır və bu dəyəri Avropaya aşılamalıdır.
Azərbaycanın xarici siyasətinin gündəmində duran ən əsas vəzifə Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsi dayanır. Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Ona görə də, bizim başlıca vəzifəmiz beynəlxalq miqyasda bu reallıqları dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın siyasətini ifşa etməkdir. Bu istiqamətdə dövlət səviyyəsində lazımi addımlar atır. Amma bu iş bütün cəmiyyət səviyyəsində davam etdirilməli və aktivlik daha da artırılmalıdır. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Biz tez tez görürük ki, yanlış məlumatlar yanlış təəssüratlar yaradır və sonunda qərəzli münasibətə səbəb olur. Ona görə də, Azərbaycan haqda real həqiqətlərinin imkan daxilində dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşımızın vəzifəsidir. Bu amil informasiya müharibəsində qələbəmizi şərtləndirən əsas məqamlardan biridir. Dünya ictimaiyyəti işğal Ermənistanın siyasəti haqda nə qədər geniş məlumatlar əldə etsə, onu daha çox qınaq obyektinə çevirə bilər.
- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaəqlərinin hazırki səviyyəsi haqqında nə deyə bilərsiniz ?
- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xəttlə inkişaf edir. Partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Yeni Azərbaycan Partiyası malik olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. Partiyamız bundan sonra da ikitərəfli və beynəlxalq təşkitlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Beynəlxalq əlaqələr çərçivəsində YAP nümayəndə heyəti olaraq Yaponiyada səfərdə olduq. Azərbaycan- Yaponiya münasibətlərinin uzun tarixi mövciddur. Burada hökümət nümayəndələrinin qarşılıqlı səfərlərini, iqtisadi əməkdaşlığı qeyd etmək lazımdır. Lakin buna baxmayaraq, yeni əməkdaşlıq formaları haqqında da düşünmək zəruriyyəti meydana gəlir. Ən önəmlisi isə, hakim partiyalararası əməkdaşlığın dərinləşməsidir. Səfər zamanı biz, YAP nümayəndələri olaraq Yaponiyanın Liberal Demokratik Partiyasının rəhbərliyi ilə iki partiyalararası əməldaşlığa dair danışıqlar apardıq. Eyni zamanda xarici işlər nazirliyində, parlamentdə dövlətlərarası əməkdaşlığın yeni imkanları müzakirə olundu. Birmənəlı olaraq bütün görüşlərdə Azərbaycanın Yaponiya üçün nə qədər önəmli, vacib və maraqlı müttəfiq olması vurğulanıb, YAP- la LDP arasında tərəfdaşlığın aktuallığı qeyd olunub.
- Sevinc xanım qarşıdan 8 mart Beynəlxalq Qadınlar Günü gəlir. Belə bir gün ərəfəsində Azərbaycanda dövlət qadın siyasətinin uğurları haqqında fikirlərinizi bilmək istərdik ….
- Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, idarəçilikdə, parlamentdə, bələdiyyələrdə qadınların iştirakı xeyli dərəcədə artıb. Bu gün ölkəmizdə gender bərabərliyi mövcuddur və qadınlar cəmiyyətizin aparıcı hissəsinə çevrilib.
Azərbaycan qadını ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
Fəaliyyətimlə bağlı tez-tez xarici səfərlərdə oluram, dünyanın müxtəlif ölkələrin parlamentariləriylə görüşürəm. Və görüşlər zamanı fəxr hissiylə deyə bilərik ki, Azərbaycanda qadınların parlamentdə, hökümətdə və diqər strukturlarda təmsilçiliyi heç də dünya ölkərindən fərqli deyil, əksinə əksər məsələlərdə daha üstündür . Qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən daim qadınların problemləri ilə maraqlanıb, onların irəli çəkilməsi üçün şərait yaradıb. Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının formalaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifadəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Birmənalı olaraq deyə bilərəm ki, hazırda həyata keçirilən siyasət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Elm və texnologiya günbəgün inkişaf edir, iqtisadi cəhətdən sərbəstlik əldə edən qadınların sayı artır. Gələcək vətəndaşların tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi, ilk növbədə, cəmiyyətə yeni nəsil bəxş edən qadından asılıdır. O, ölkənin ictimai həyatında da böyük uğurla çalışır. Qadın kişi ilə bərabər iqtisadiyyat, mədəniyyət, elm və incəsənətin bütün sahələrində fəal iştirak edir. İndi elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Bütün bunlar isə Azərbaycan qadınlarını cəmiyyət həyatında rolunun daha da artdığının göstəricisidir.