Bu gün Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində Yusif Səmədoğlunun 80 illik yubileyi keçirilib. Tədbiri giriş sözü ilə AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açaraq Yusif Səmədoğlunun yaradıcılığı və ədəbi fəaliyyəti haqqında geniş məlumat verib.
O, bildirib ki, Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstituna daxil olub, həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilib. “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini, “Ulduz” jurnalının baş redaktoru, “Azərbaycan” jurnalının baş redaktoru vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, 1979-cu ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
Yusif Səmədoğlu “220 saylı otaq”, “Qalaktika”, “Qətl günü” kitablarının müəllifidir.
Çıxış edən Aləmzər Əlizadə “Qətl günü” romanının dil xüsusiyyətlərindən danışıb, onun yüksək bədii məziyyətləri haqqında fikirlərini bildirib. Böyük sənətkarın qələmindən çıxan əsərin ideyasına, məzmununa görə mükəmməl bir sənət nümunəsi olduğunu vurğulayıb.
Yazıçı Qərib Mehdi Y.Səmədoğlunun xatirəsini ehtiramla yad edib onun istər ədəbiyyatın, istərsə də imperyanın çökməsindən sonra müstəqilliyə aparan milli azadlıq hərəkatının liderlərindən biri olduğundan danışıb.
Şair və yazıçılardan İnqilab İsaq, Sahib İbrahimli, Gülafət Bayramova, Fazil Sənan, Nadir Ovçu, Eyyub Cabbarov, İmam Cəmilli və başqaları 80 illiyi qeyd olunan Yusif Səmədoğlu haqqında xatirələr danışdılar yazıçıya həsr etdikləri şeirlərini oxuyublar.
Gülay Tahirqızı
AYB Gəncə Bölməsinin əməkdaşı