Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri İranın paytaxtı Tehranda Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə “ShitoRyu Shikokay Union” üslubunda kişilər arasında keçirilən 4-cü dünya çempionatından 14 medalla dönüblər.
Əsas və əvəzedici heyətlərdə çıxış edən 14-15 yaşlı yeniyetmələrdən Ceyhun İsmayılov (kata), Nuri Əliyev (52 kq), Əbülfəz Rəhimov (63 kq), 16-17 yaşlı gənclər arasında Mircəlal Ələsgərov (55 kq), Murad Hacızadə (76 kq-dan yuxarı), 18-21 yaşlı gənclər üzrə seçmə komandanın üzvü Ülvi Qurbanov (60 kq) dünya çempionu olublar.
14-15 yaşlı yeniyetmələr arasında Əli Mirzəyev (70 kq), 16-17 yaşlı gənclər arasında Emil Quliyev (76 kq-dan yuxarı), 18-21 yaşlı gənclərdən Nəcməddin Bünyadov (84 kq), eləcə də 16-17 və 18-21 yaşlılardan ibarət komandalarımız komanda yarışlarının gümüş mükafatçıları olub.
Bürünc medallara 16-17 yaşlı gənclərdən Qasım Həsənov (55 kq) və Murad Balakişiyev (68 kq), 18-21 yaşlılardan isə Hüseyn Məmmədov sahib çıxıb. Bu nəticələrlə Azərbaycan karateçiləri 15 ölkədən 1200-dən artıq idmançının qatıldığı mötəbər yarışın ümumi komanda hesabında 1-ci yeri tutublar. M.Hacızadə isə yarışın ən yaxşı idmançılarından biri seçilib.
Tehrana əməkdar məşqçi və beynəlxalq hakim Rənad Əliyevin rəhbərliyi ilə yollanan heyətdə milli hakimlərdən Seymur Məmmədov, Eldəniz Qəmbərov və Gündüz Mahmudov da yarışı idarə edənlər arasında olub.

trend.az