Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhər rəsmiləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək ölkəmizin bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib və bildirib ki, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınları öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıblar. Niyazi Bayramov 100 il bundan əvvəl seçkilərdə iştirak etmək hüququ qazanmış qadınlarımızın müstəqilliyimizdən əvvəl eniş-yoxuşlara baxmayaraq, hər zaman xoşbəxtlik və səadətə can atıb, buna da nail olduqlarını vurğulayaraq, Nizami yurdunun qadınlarının fəallığından, müəllim, həkim, elm xadimi kimi böyük əzmkarlıq göstərmələrindən, məsul vəzifələrdə çalışaraq Vətənimizə, dövlətçiliyimizə sədaqətli, şərəfli xidmətlərindən söz açıb.
Sonra Gəncənin ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara YAP Gəncə şəhər təşkilatının Fəxri fərmanı təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Bayram tədbiri Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.