Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Tarix boyu Azərbaycan xalqı dəfələrlə erməni hiyləsinin, erməni təcavüzünün, erməni satqınlığının, erməni qəddarlığının, xüsusilə türk millətinə yönəlmiş nifrətinin şahidi olmuş və həmişə də bu nifrətin acısını dadmışdır.
Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar xalqımıza qarşı soyqırımı aktlarının törədilməsi ilə nəticələndi. Bu qanlı soyqırım aktları qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı.
Tarixin bütün dövrlərində himayədarlarının dəstəyindən yararlanaraq Azərbaycanı öz hədəfinə çevirmiş erməni cinayətkarlarının məqsədi dövlətçiliyimizin zəiflədilməsi, mədəniyyətimizin yox edilməsi, ümumiyyətlə xalıqımızın tarix səhnəsindən silinməsi olmuşdur.
Xalqımıza qarşı özlərinin mənfur niyyətlərini həyata keçirən ermənilər bu məqsədlə soyqırım, deportasiya, terror, sui-qəsd, mədəni-mənəvi təcavüz və ən nəhayət ərazilərimizin işğalı kimi vasitələrdən istifadə etmişlər. Erməni cinayətkarlığına xas olan başqa bir cəhət onun bilavasitə dinc əhaliyə qarşı yönəlməsindədir.
Ermənilərin ambisiyaları Azərbaycan xalqına və bəşəriyyətə qarşı cinayətlər zəminində həyata keçirilir və bu gün də həyata keçirilməkdədir. Azərbaycan XIX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, soyqırımlar, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə baş vermiş hadisələr erməni millətçi dairələri və onları himayə edən böyük dövlətlərin xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətindən irəli gəlməkdədir.
Tarixi torpaqları olmayan erməni xisləti Azərbaycan torpaqları – İrəvan xanlığı, Göyçə, Zəngəzur və neçə-neçə əski türk torpaqları əsasında «bolşevik» himayəsi ilə nəhayət ki, erməni dövlətini yarada bilmişdilər. Lakin erməni faşistlərinin bədnam niyyətləri yenə də Azərbaycandan yan keçmirdi.
Xalqımızın yaddaşında ağrılı və acılı izlər buraxmış qətliamlardan biri də 1918-ci ildə erməni quldurları tərəfindən törədilmiş terror aktıdır. Mart hadisələri zamanı Bakıda 12 min nəfərə yaxın azərbaycanlı öldürülmüşdü. Bu əsl soyqırım idi. Çünki azərbaycanlıların bu qırğının S.Şaumyan başda olmaqla ermənilər hakimiyyət orqanı olan Bakı Sovetinin əli ilə həyata keçirmişdilər.
Bakıda 1918-ci il 30, 31 mart və 1 apreldə mart qırğınının şahidi olmuş ingilis turist M.Kulka: “Erməni əsgərləri müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evləri yandırır, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər uşaqları süngülərinə taxırdılar. Onlarda bir sözlə, nə uşağa, nə qocaya, nə də qadına rəhm etmək yox idi.”
1918-ci ildə erməni bandaları azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər etdikləri kimi, mədəniyyət və tarixi abidələri də barbarlara xas üsullarla dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər.
Bakıdan sonra azərbaycanlıların soyqırımı Quba, Şamaxı, Lənkəran, Salyan və Kürdəmirdə də davam etdirildi. S.Şaumyanın göndərdiyi cəza dəstələri bu bölgələrdə əhaliyə divan tutur, hətta qoca və körpələrə də aman vermirdilər. Beləliklə, mart-aprel aylarında Bakıda və ona yaxın şəhər və kəndlərdə 20 mindən çox azərbaycanlı soyqırım qurbanı oldu. Soyqırım qurbanlarının sayına görə mart soyqırımı dünyada ən böyük soyqırım hesab edilə bilər.
1919-cu ildə hökumətin qərarı ilə 31 Mart Milli Matəm Günü elan edilmişdi. Lakin bu günün qeyd olunmasını bizə unutdurdular. 1998-ci il martın 26-da isə ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Fərman verdi. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir.
Hər il biz bu “Soyqırım günündə” anma mərasimləri keçirməklə tarixi yaddaşımızı təzələyir, daha da möhkəm vətənpərvər və ayıq-sayıq oluruq.
Vətən torpaqlarının düşmənin otuz illik işğalından qurtarılmasından artıq 4 il keçir. Bu müqəddəs zəfər tarixi müstəqillik tariximizin ən şərəfli və qürurlu ili kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək “ Tarix həmişə hər şeyi yerinə qoyur”. Bəli tarixi ədalət bərpa olundu.
44 günlük müharibə tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda yaxın və uzaq gələcəkdə də bu yaddaşı oyaq tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutma- mağı zəruri edir. Çünki, qarşımızdakı adi, sıradan bir düşmən deyildir, olduqca zalım, qansız, vicdansız, bir sözlə bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir “vəhşi qəbilədir”.