Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Azərbaycan Respublikasının dövlətçilik tarixinin XX əsrin sonları və XXI əsrin əvvəllərinə təsadüf edən dövrü bir sıra faciəli hadisə və proseslərlə əlamətdar olmuşdur.Lakin buna baxmayaraq, xalqımız zamanın sınaqlarından ləyaqətlə çıxa bilmiş, milli azadlıq mübarizəsi nəticəsində əldə etdiyimiz dövlətçiliyimizi, müstəqilliyimizi və suverenliyimizi qoruyub saxlaya bilmişdir. Azərbaycan xalqının vahid birliyi üzərində yüksələn dövlətçiliyimiz Azərbaycana düşmən olan qüvvələrin məkrli planlarına, törədilmiş faciələrə və davamlı informasiya blokadasına inadlı mübarizə apararaq, demokratiya tariximizdə yeni bir dövrün başlanğıcını qoymuşdur. Bu baxımdan Azərbaycan tarixinin ən əhəmiyyətli mərhələsi – 1993-2003-cü illər dövrü tariximizin dönüş nöqtəsi adlandırsaq, heç də yanılmarıq. Bu elə bir dövrdür ki, SSRİ-nin dağılması nəticəsində bütün İttifaq respublikalarında sosial-siyasi və iqtisadi sabitlik pozulmuş, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə imkan vermək istəməyən Ermənistan və Rusiya birləşmiş hərbi qüvvələrinin əli ilə tarixi torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyon nəfərdən artıq vətəndaşımız didərgin düşmüşdür.Məhz bu çətinliklərdən xalqımızı, Müstəqil Azərbaycanımızı xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etmişdir.
Müasir dövrümüzdə dünyada özünə layiqli yer tutmuş böyük dövlətlərdən bir çoxu məhz belə liderlərin müəyyənləşdirdiyi yolla inkişaf edir, davamlı tərəqqini bu istiqamətdən kənarda təsəvvür etmirlər. Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda müstəqil və güclü milli dövlətin mövcudluğu dünyaşöhrətli siyasi xadim, Ulu öndər Heydər Əliyev və onun həyata keçirdiyi uğurlu siyasəti ilə sıx şəkildə əlaqəlidir. Qeyd etmək xüsusilə vacibdir ki, Heydər Əliyev Azərbaycana həm SSRİ dövründə, həm də müstəqillik illərində rəhbərlik etmişdir. Dövlətə rəhbərliyinin hər iki dövründə Azərbaycanın milli maraq və mənafelərinin etibarlı təminatçısı olan, dayanıqlı müstəqilliyə güclü əsaslar formalaşdıran Heydər Əliyev dövlət idarəçilik sistemində siyasi varislik ənənələrinin əsasını qoymuş, siyasi uzaqgörənliklə irəli sürdüyü ideyaların davamlığını təmin etmişdir. Azərbaycan xalqının tarixən bərqərar olmuş milli maraqlarını özündə əks etdirən Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişafı üçün sağlam əsaslar qoymuşdur. Bu gün ölkəmiz hazırkı inkişaf səviyyəsinə, regionda və dünyada tutduğu mövqeyə görə də məhz Heydər Əliyevə borcludur. Rəhbərliyinin hər iki mərhələsində Ulu Öndər dövlətin əsaslarının möhkəmlənməsi, bütün sahələrdə sabit inkişafa nail olunması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit edilməsi, milli-mənəvi dirçəlişin baş verməsi kimi tarixi hadisə və proseslərlə əlamətdar olmuşdur.
Mövcud vəziyyəti obyektiv qiymətləndirməyi bacaran, xalqını düşdüyü böhranlı vəziyyətdən çıxarmağı qarşısına məqsəd qoyan respublika Prezidenti Heydər Əliyev münaqişədə ağırlıq mərkəzini diplomatiyaya keçirdi. Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayın 12-də atəşkəs haqqında sazişin imzalanması 5 ildən çox davam edən hərbi əməliyyatların dayandırılmasına, bütün sahələrdə milli inkişaf proqramlarının həyata keçirilməsinə və Azərbaycanı xarici investisiya üçün cəlbedici ölkəyə çevrilməsinə zəmin yaratdı. Beləliklə, məhz Heydər Əliyevin apardığı uzagörən siyasət nəticəsində tariximizdə ilk dəfə azad dövlət kimi yeni bir əsrə, o cümlədən də yeni minilliyə qədəm qoyduğumuzun şahidi olduq. Ulu Öndərin dediyi kimi, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq və möhkəmləndirmək ondan qat-qat çətindir”. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, dünya tarixində elə hallar olub ki, xarici şəraitdən, amillərdən asılı olaraq müəyyən dövlətlər müstəqillik əldə etmişlər, lakin sonrakı proseslər həmin dövlətlərin öz müstəqilliklərini qorumaq iqtidarında olmadığını göstərmişdir. Lakin Ulu Ödərin apardığı düzgün siyasət ölkəmizi ayaq üstə məğrur dayanmasına şərait yaradaraq, bu günkü inkişafa qürurla addımlamağa imkan yaratdı.
Bugün Azərbaycanda real iqtisadiyyatın sahələrinin davamlı inkişaf yolunda olması və reallaşdırılmış müasir innovativ layihələrin sayının durmadan artması məhz vaxtınd qoyulan uğurlu layihələrin nəticəsidir.Çünki, bəşəriyyətin çətin dönəmində bu uğurların əldə olunmasında zamanın sınağında cilalanmış Heydər Əliyev siyasi kursuna olan xalqın etimadı və Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyi dayanır. Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla addımlayır. Bu inkişaf yolu xalqımızın mənafeyinə və gələcəyinə xidmət göstərir. Son illərdə Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlar bir daha sübut etdi ki, doğma Azərbaycanımız etibarlı əllərdədir. 44 günlük müharibədə Ali Baş Komandan və ölkə rəhbəri kimi Cənab Prezidentimizin siyasi əqidəsi və dönməz iradəsi sayəsində, düşmənlərimiz məğlub edilərək, 30 ildə xarabalığa çevrilən torpaqlarımız azad olunaraq, tarixi ədalətə qovuşdurulmuşdur.
Əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.