Yola saldığımız 2020-ci il Azərbaycanın tarixində ən mühüm illərdən biri oldu. Ermənistan üzərində hərbi zəfər qazanaraq işğal altında olan torpaqların böyük qismi düşmən tapdağından azad edildi. Bu qələbə həm də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ən böyük tarixi naliyyət kimi qiymətləndirilir. Ötən il COVİD-19 pandemiyası ilə mübarizə ilə yadda qaldı. Bəs 2021-ci ildən gözləntilər nədir?
Bu haqda fikirlərini CBC ilə bölüşən Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov deyirlər ki, əsas gözlənti məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışının təmin olunması istiqamətində atılacaq addımlardır. Cənnət məkan sayılan Qarabağın turizm potensialı yüksək qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, əgər yerli və xarici sahibkarlar da işğaldan azad olunmuş ərazilərə investisiyalar yatırarlarsa, bu il Qarabağ qapısını turistlərin üzünə tam aça bilər. Millət vəkillərinin fikrincə, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunması da vacib məsələlərdəndir. Yeni ildə əsas gözləntilərdən biri də koronavirusla mübarizədə əldə ediləcək uğurlardır. Virus əleyhinə vaksinlərin yaradılması 2021-ci ildə pandemiyanın başa çatacağına ümidlər yaradıb. Müşfiq Cəfərov deyir ki, pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramı uğurla davam edir.