Gəncə şəhər 42 saylı tam orta məktəbin kitabxanasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş dəyirmi masa və kitab sərgisi təşkil olunub. Tədbir iştirakçıları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Kitabxana müdiri Mətanət Kərimova mənfur qonşuların Azərbaycana qarşı başlatdığı işğalçı müharibədən,tarixi torpaqlarımızı necə mənimsədiklərindən danışıb. Qeyd edıb ki, 20 Yanvar günahsız insanların amansızlıqla qətlə yetirildiyi gündür, xalqımızın böyük faciəsidir. Qanlı yanvar günündə namərd gülləsinə qurban gedən günahsız insanlar öz şəhidlikləri ilə ölməzliyə qovuşdular.
Məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər göstəriblər.
Kitab sərgisində tədbir iştirakçıları xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış qanlı yanvar faciəsini əks etdirən kitablara, qəzet və jurnallara, fotoşəkillərlə baxıblar.
Sərgidə “Bir əsrə bərabər gecə”, “Milli qəhrəmanlar”, “Şəhidlər”, “Qan borcu”, “Azərbaycanın milli Qəhrəmanları”, “Əfsanəyə dönmüş ömür”, “Qara gündəlik” kimi kitablardan, şəhidlərin fotolarından, uşaqların inşa yazılarından, kitablara yazdıqları rəylərdən istifadə edilib.
Hicran Məmmədova