YAP Gəncə şəhər Təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əəliyev, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının məsul işçiləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, QHT nümayəndələri, ziyalılar və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini YAP Gəncə şəhər Təşkilatının ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov giriş sözü ilə açaraq, XVIII əsrdən başlayaraq xalqımıza qarşı həyata keçirilən erməni terror aktlarının tarixindən, azərbaycanlıların başına gətirilən dəhşətli faciələrdən, 20 Yanvar qətliamından söhbət açıb. Hüseyn Budaqov ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkənin Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın erməni terrorunun dəhşətli nəticələrinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet ittifaqının silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarına görə bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Millət vəkili Pərvin Kərimzadə vurğulayıb ki, o qanlı gündən 28 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə xalqımızın müstəqillik yolunda keçdiyi tarixə bir daha nəzər salınıb, bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilib. 20 Yanvar faciəsi son dövr tariximizin qanlı hadisələrindən bir kimi həm də bu xalqın qan yaddaşında bir mübarizə, qürur günü olduğunu qeyd edib.
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O faciəvi gecədə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar faciəsinin, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub – 2 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi YAP ərazi ilk partiya təşkilatının sədri Elçin Axundov bildirib
Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxı izləyiblər.
Anım tədbiri 25 saylı tam orta məktəbin şagirdlərinin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.