20 Yanvar faciəsinin 34-cü ildönümündə gəncəli şəhid Valeri Boqdanovun ailəsi ziyarət olunub. Görüşdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rauf Qasımov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından şəhidin ailə üzvlərinə başsağlığı verib, onun əziz xatirəsinə dərin hörmət və ehtiramını ifadə edib.
Şəhidin anası Valentina Boqdanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.
Gəncə Şəhər İcra Hakimiyyəti adından Boqadanovlar ailəsinə sovqat təqdim edilib.
Qeyd edək ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. O, Boqdanovlar ailəsinin yeganə oğlan övladı olub. Rostov Dəmiryolu Universitetinin məzunu olan Valeri Boqdanov Gəncədə dəmiryolu sahəsində çalışıb. Valeri sonrakı dövrlərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Valeri Boqdanov Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.

