Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı faciələrdən biridir. Eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Xalq ilk dəfə olaraq boyunduruqdan xilas olmaq uğrunda mübarizəyə qalxdı. Bu hadisə SSRİ-ni dağıdan amillərdən biri oldu. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxması Azərbaycanı cəzalandırmaq üçün Kreml tərəfindən Qanlı Yanvar qırğınının törədilməsi ilə nəticələndi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 20 Yanvar faciəsi Sovet rejiminin iç üzünü açdı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqın üzərinə yeritdi. Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin «Alfa» qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan qışlasının giriş-çıxış yolları kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. «Bakı əməliyyatı»na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, «islam fundamentalistləri», «pantürkistlər» Azərbaycanda Sovet hakimiyyətini ələ keçiriblər, ona görə də onları məhv etmək və Sovet hakimiyyətini yenidən bərqərar etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq şəhərə hücum edən əsgər və zabitlər qadınlara, qocalara, uşaqlara, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş «Xəzərneftdonanması»nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. Lakin bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı… – Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini «Azadlıq» meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi. 20 yanvar hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qaldı. Bu zaman sərt nəzarət altında yaşayan böyük dövlət və siyasi xadim Heydər Əliyev, oğlu İlham Əliyev və digər ailə üzvləri Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib keçirdiyi mətbuat konfransında bəyanat verdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatıdırılmasında müstəsna rol oynadı. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır və heç nədən qorxmur. Xalqımızın qəhrəman övladları qəlbimizdə, beynimizdə azadlıq toxumu əkdilər, yolumuza işıq saçdılar. Həmin toxumun cücərtiləri Vətən müharibəsində Qələbəmizi təmin etdi. Müstəqilliyimiz əbədidir, sarsılmazdır, Qarabağımız azaddır, 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar Zəfərlə nəticələndi. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır.