Cavid Bağırzadə,
YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent
1918-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı soyqırım siyasəti Bakı quberniyasında, İrəvan quberniyasında və Gəncə (Yelizavetpol) quberniyasında həyata keçirilmişdir. Bakı və İrəvan quberniyalarında dəhşətli qırğınlar eyni amansızlıqla Gəncə quberniyasında baş vermişdi.
Gəncə quberniyasının əsasən Cavanşir, Zəngəzur və Şuşa qəzalarında onlarla yaşayış məntəqəsi erməni silahlı dəstəlrinin hücumlarına məruz qalmış, ermənilər olmazın vəhşiliklər törətmiş, kəndləri, obaları darmadağın etmiş, əhalini vəhşicəsinə qırmış, əmlaklarını qarət etmişlər.
Bakı Komissarları Sovetinin rəhbəri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik təşkilatları azərbaycanlılarla öz milli haqq-hesablarını bolşevizm pərdəsi altında çəkən daşnak şovinistləri ilə dolmuşdu. Şamaxı və Göyçay istiqamətində göndərilən erməni silahlı dəstələrinə Stepan Şaumyanın ən yaxşı dostları Stepan Lalayan, Tatevos Əmiryan başçılıq edirdilər. Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar.
V.İ.Leninin tövsiyə və himayədarlığı ilə Bakıya xüsusi səlahiyyətli fövqəladə bolşevik komissarı təyin olunan S.Şaumyan Bakı Sovetinin sədri kimi belə bir göstəriş verdi ki, Bakıda olduğu kimi, Gəncədə də hərbi alayların ixtiyarında olan bütün silahlar ermənilərin əllərində cəmləşdirilsin. Əslində o vaxtlar Zaqafqaziya Seymin belə bir qərar çıxarmışdı ki, Gəncədə yerləşən 216-cı və Bakıda yerləşən 219-cu alaylar özlərinin bütün silahlarını və sursatlarını müvafiq olaraq yeni yaradılan Gəncə və Bakı alaylarına versinlər. Amma ermənilər bu işə hərtərəfli mane törədirdilər. Onlar hər cür hiylə və üsuldan istifadə edərək 216-cı və 219-cu alayların silahlarını öz əllərinə keçirməyə nail olmuşdular.
Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqlara səbəb olmuşdu. Azərbaycanlılarla ermənilər arasında qanlı toqquşmalar başlandı. Vəziyyətin getdikcə ağırlaşması həm Bakıda, həm də Tiflisdə ciddi narazılıq doğurdu. Yaranmış gərginlikdən çıxış yolu tapmaq məqsədi ilə Zaqafqaziya Seyminndə müsəlman və erməni milli şuralarından, habelə “Müsavat” partiyasından səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi. Danışıqlardan sonra azərbaycanlılar Milli ordunun yaradılması işində xeyli fəallıq göstərdilər. Ermənilərin hər cür maneçiliklərinə, fitnə-fəsadlarına baxmayaraq qıca müddət ərzində həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində milli ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü.
Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlicə, həm də aşkar çoxlu əks-tədbirlərə əl atırdılar. Daha doğrusu, daşnaklar xəlvətcə öz işlərini görürdülər. Şamaxı və Quba qırğınlar törədərək, burada soyqırım həyata keçirən S.Şaumyan Bakı Xalq Komissarları Soveti adından 1918-ci ilin iyun ayının 6-da ermənilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barədə əmr hazırlayır və daşnak sərkərdələrinə xüsusi tapşırıqlar verirdi.
Əhalini ucdantutma qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə başlayırlar. Erməni silahlı qüvvələri Bakıdan Ağsu və Göyçaya qədər iki gün ərzində bu ərazini zəbt etmişlər. Vəziyyət çox ağırlaşmışdı. Bütünlüklə həm yeni yaradılmış AXC-in, həm də bir millət kimi azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. Faciənin qarşısını almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Erməni silahlı qüvvələri bu zaman Göyçay ərazisində ağlasığmaz vəhşiliklər törətmişlər. Göyçayın Qaravəlli, Mustafalı, Qarabulaq, Xəlil-Qasımbəy, Ərəb Mehdibəyli, Sadalı, Cəngi (Çaylı) və digər kəndləri, obaları da qarət və talan edilmiş, əhalisi isə ermənilərin soyqırımına məruz qalmışdır.
1918-ci il iyulun 1-də Qafqaz İslam Ordusu Göyçay döyüşündə qələbə qazanaraq Göyçayı azad edir və bununla da daşnakların hazırladıqları planı pozurlar. Əks halda daşnaklar Bakı, Quba və Şamaxı faciələrini bir daha Gəncədə həyata keçiriləcəkdi.
1918-ci ildə erməni vəhşiləri daha çox quberniyanın Zəngəzur qəzasında soyqırım həyata keçirmişdilər. Bütün bunlar ermənilərin Paris sülh konfransında iddiaları iflasa uğradıqdan sonra azğınlaşmış Andranik və Dronun şovinist dəstələri tərəfindən törədilmişdir.
Azərbaycan ordusu bütün qabiliyyət və səriştəsini “Əsgəran müharibəsi” adı ilə məşhur olan müharibədə göstərdi. 1920-ci il martın 22-də Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağlıq hissəsində yaşayan ermənilər xaincəsinə qiyam edərək Əsgəran keçidini tutmuşdur. Bu hadisə baş verənəcən Qafqazda vəziyyət necə idi?
Denikin ordusunun Azərbaycan sərhədlərinə yaxınlaşması ilə çar generalından külli miqdarda silah almış və ağqvardiyaçı rus zabitləri ilə öz ordusunu möhkəmləndirmiş Ermənistan Azərbaycanın Zəngəzur, Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında təcavüzkar – təhrikçi hərəkətini artırır.
Hələ 1918-ci ilin sonlarında Gürcüstanla müharibəyə başlayan erməni liderləri keçmiş Borçalı mahalının cənub zonalarını (Lari və ətrafını) zəbt etmişdilər. Bu Borçalı müharibəsi qurtarar-qurtarmaz Naxçıvan, Şərur, Qars, Zəngəzur və Qarabağda erməni dəstələrinin yerli əhali ilə elan olunmamış müharibəsi başladı. Yerli əhalinin erməni təcavüzündən qorumaq üçün 1918-ci ilin noyabrında Araz Respublikası yaradılmışdı.
Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarında müdafiə tədbiri olaraq Azərbaycan hökuməti müvəqqəti general-qubernatorluq yaratdı. Qarabağ valisi doktor Sultanovun hüqquqları artırıldı və ixtiyarına hərbi hissələr verildi. Qarabağı və Zəngəzuru erməni təcavüzündən qorumaq işinə yerli müsəlman əhalini cəlb etmək üçün hazırlanmış layihə üzrə oktyabr ayında xalq qoşunu təşkilinə başlandı.
Yuxarıda qeyd etdiyimiz kimi erməni quldur dəstələri ilə Azərbaycan ordusu arasında əsas döyüş Əsgəranda baş vermişdi. Qarabağın dağlıq hissəsi Azərbaycanın başqa yerlərindən yüksək dağlarla ayrılır. Əsgəranı zəbt etməklə ermənilər Qarabağın dağlıq qismini Azərbaycandan təcrid edərək vilayətin bütün əsgəri və mülki məmurlarını əsarət altına almışdılar. Şuşa, Xankəndi və Cəbrayıl qəzasının mühafiz əsgərləri 12 gün gecə-gündüz İrəvandan gələn general Dronun idarəsi altındakı erməni dəstələrinin qüvvətli hücumlarına məruz qaldılar. Dəstələr erməni zabitləri tərəfindən idarə olunur, hətta onların arasında nizami erməni ordusu da vuruşlarda iştirak edirdi. Üsyançılar top və pulemyotlarla silahlanmışdılar. Sonralar bütün bu hadisənin Ermənistan hökuməti tərəfindən bolşeviklərlə sövdələşərək baş verdiyi məlum oldu. Azərbaycan hökuməti bu zaman iki od arasında qalmış oldu. Bir tərəfindən şimal sərhədlərimizdə Qızıl Ordu birlikləri toplanmış, digər tərəfdən də bütün Qarabağ erməni ordusu tərəfindən işğal edilmişdi.
Azərbaycanın Qarabağ üzrə ümumi valisi və vilayət qarnizonunun həyatı tamamilə təhlükə altında idi, onlar hər an qırğına məruz qala bilərdilər. Hökumət Qarabağı xilas etmək məcburiyyətində idi. Buna görə də Əsgəran cəbhəsinə general Səlimovun komandanlığı altında qüvvətli bir ordu göndərildi. Aprelin 3-də Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli hücuma başladı.
Həmin gün axşama yaxın Azərbaycan ordusu Azərbaycan bayrağını yenidən Qarabağ səmasına dalğalandırdı. Ertəsi gecə Azərbaycan ordusu Şuşanı, Xankəndini qoruyan qoşunlarımızla birləşərək Şuşaya daxil oldu. Bununla da ermənilərin Qarabağ bölgəsində üsyanları yatırıldı, əmin-amanlıq bərqərar olunur.
Gəncə quberniyasında ermənilərin törətdikləri qırğınlar dəhşətliyi, kütləviliyi baxımdan səciyyələnməklə Zəngəzur qəzasında baş vermişdi. Azərbaycana ərazi iddiaları irəli sürən ermənilər, onun Naxçıvan, Qarabağ və Zəngəzur mahallarında “etnik təmizləmə” siyasəti həyata keçirməyə başlamışdılar. Bu məqsədlə Andranik, Dro və Njdenin quldur dəstələri tərəfindən bu ərazilərdə dinc əhaliyə qarşı geniş miqyaslı genosidizmə başlayırlar. Digər tərəfdən Andranik Zəngəzurdan Qarabağa keçmək, türklərə arxadan zərbə vurmaq və Bakıya yol açmaq istəyirdi. Əslində bu “Böyük Ermənistan” xülyasını tərkib hissəsi idi, əvvəlcədən belə proqramlaşdırılmışdı. Bu zaman Andranikin L.Biçeroxov və A.Denikinlə əlaqələri var idi, o, bir sıra dövlətlərdən hərbi-suyasi və maliyyə yardımı alırdı.
1918-ci iln may – avqust aylarında ermənilər Zəngəzura soxularaq çox saylı zorakılıq hərəkətləri və vəhşiliklər törətmişdilər. Daşnak hökuməti Dro və Njdedən tələb edirdi ki, iki ay müddətində Şamaxıda, Şuşada, Gəncədə erməni bayrağı dalğalanmalıdır. Onlar öz qüvvələrini Gorus şəhərində təcili cəmləşdirib Azərbaycana qarşı böyük hücum əməliyyatına başladılar. Andranik isə Qarabağ valisi Xosrovbəy Sultanovun qardaşı, el qəhrəmanı Sultanbəy tərəfindən Zabux kurqanında ağır məğlubiyyətə düçar olmuşdur.
Dro atlı dəstəsi ilə Azərbaycan kəndlərinə, xüsusi ilə Məzməzək, Cicimli, Qazdərəsi, Orta oba, Abbasqışlağı, Güləbird, İrəfi, Həkəri kəndlərinə zərbələr endirmək, Mizmin meşəsindən keçib Hadruta çıxmaq istəyirdi. Bütün bunlar Zəngəzur fədailəri tərəfindən qarşısı alınmış, Dro və Njde məğlub olmuşdular.
1918-ci ilin avqustunda Zəngəzura soxulan Andranikin silahlı dəstəsi Sisyan və Qafan rayonlarında “etnik təmizləmə” işinə girişmişdi.
Azərbaycan Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının istintaq materiallarında göstərildiyi kimi, Andranikin silahlı dəstəsi tərəfindən 1918-ci ilin payızında dağıdılan 58 kənddən 32-də ev və digər tikililərdən 495-i yandırılmış, 492-i dağıdılmış, onlarda yaşayan 2254 nəfər öldürülmüş və 304 nəfər diri-diri tonqala atılmışdı.
İyun ayında Zəngəzurda erməni dəstələrinin yerli müsəlman əhaliyə qarşı açıq müharibəyə başlaması və Ermənistan qoşun hissələrinin Zəngəzura soxulmasından sonra Azərbaycan hökuməti Denikin təhlükəsinin kəskinliyinə baxmayaraq, buraya böyük hərbi hissələr göndərmək məcburiyyətində qalır. Oktyabr ayında pokovnik Cavad Şıxlınskinin komandanlığı altında Azərbaycan Ordusu hissələri Zəngəzurda olan erməni milli hissələrinə qarşı hərbi əməliyyatlara başladı. Döyüşlər bir aydan çox davam etdi. Azərbaycan hissələri Dığ kəndi rayonunda ermənilərin möhkəmləndirilmiş istehkamlarını mühasirəyə alıb son hücuma hazırlaşdığı vaxt İngilislər işə qarışdılar və onların təkidi ilə hücum dayandırıldı.
Noyabrın 23-də əldə edilmiş barışığa əsasən erməni hərbi hissələri Zəngəzur ərazisini tərk etməyə məcbur oldu. Bu hadisədən qabaq, 1918-ci ilin payızında Zəngəzurun bir hissəsində möhkəmlənən Andranik burada bir növ erməni “qubernatorluğu” təşkil edərək Gorusu onun “mərkəzi”nə çevirmişdi, sonra da “paytaxtı” Şuşa olacaq “Kiçik Ermənistan” dövləti yaratmağa çalışmışdı. Lakin bu xülya Andranikin gözündə qaldı.
Daha sonralar Azərbaycan Xalq Cümhuriyyəti qaniçən XI Qızıl Ordu tərəfindən yerli bolşeviklərin köməyilə işğal olunub, süquta yetirildikdən sonra Zəngəzur mahalının xeyli hissəsi Ermənistana “pay” verildi. AXC-in Ordusu tərəfindən qan bahasına qoruduğu torpaqları bolşeviklər dədələrinin malı imiş kimi Ermənistana verdilər və müasir Ermənistanı yaratmış oldular.
1918-ci ilin yayında və payızında Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılmış, 10068 (on min altmış səkkiz) nəfər azərbaycanlı öldürülmüş və yandırılmışdı. Digər qaynağa görə Zəngəzur qızasında 105 (yüz beş) kənd dağıdılmış və qarət edilmişdir. Azərbaycan əhalisinə üst-üstə bir milyard manat maddi ziyan dəymişdi. Qeyd etmək lazımdır ki, rəqəmlər ayrı-ayrı tədqiqat əsərlərindən götürülsə də, faktiki olaraq müvafiq dövrün statistik məlumatlarıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il avqustun 31-də təşkil etdiyi fövqəladə komissiyanın məlumatında deyilirdi: “Komissiya ermənilərin törətdikləri vəhşiliklərlə bağlı 36 cildlik 3500 səhifəlik material hazırlayıb. Həmin materialın 8-ci cildi təkcə Zəngəzur hadisələrinə həsr olunub. Zəngəzurda 109, Qarabağda 117 kənd, 5140 ev dağılıb, 2254 nəfər öldürülüb, 304 nəfər yandırılıb. Andranikin 1918-ci ildəki məşhur yürüşü zamanı Zəngəzurda 115 kənd viran edilib, 10068 nəfər qətlə yetirilib”. Başqa kəndlər, yaşayış məntəqələri bundan da betər idi.
Bütün bu faktların əsasında bu dövrdə erməni quldur dəstələrinin “fəaliyyətlərini” təsəvvür etmək bir o qədər də çətin deyil. Maraqlı cəhə ondan ibarətdir ki, ermənilər bu qədər faciələrin, tarixi faktların üstündən keçməklə Dünyaya səs salıblar ki, Türklər bizləri soyqırıma məruz qoyublar.