125 dairə üzrə namizədlərin seçicilərlə görüşünə start verildi
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, sentyabrın 1-də ölkəmizdə VII çağırış Milli Məclisə seçkilər keçiriləcək. Qeyd edək ki, Konstitusiyaya görə, bu ilin noyabrında baş tutmalı olan parlament seçkilərinin digər bir mühüm tədbir – COP29 ilə üst-üstə düşməməsi üçün YAP-ın təşəbbüsü ilə parlament belə bir qərarla çıxış edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu isə 27 iyunda Milli Məclisin bu qərarının ölkə Konstitusiyasına uyğunluğunu yoxlayıb və qərarı təsdiqləyib. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında müvafiq Sərəncama əsasən altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasına və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsinə qərar verilib. Son açıqlanan statistikaya əsasən, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan 6 milyon 334 min 444 nəfər təşkil edib. Bu şəxslər yaradılan 6400 seçki məntəqəsində səs verə biləcəklər.
25 siyasi partiyanın iştirakı ilə…
Artıq seçki prosesinin mühüm bir hissəsi arxada qalıb. Bu gündən etibarən seçkinin səsvermə prosesindən öncəki – təşviqat prosesinə start verilib. Ümumiyyətlə, bu il keçiriləcək parlament seçkiləri xüsusi əhəmiyyəti ilə də seçilir – bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanda baş tutacaq. Hər bir siyasi təşkilatın yaranmasının əsas məramı kimi önə çıxan şərtlərdən biri sayılan seçkilərdə iştirak etmək, eyni zamanda qalibiyyət əldə etmək üçün konsepsiyaya malik olmaq arzusu bu siyasi marafonu daha da maraqlı edir. Bunun üçün bütün şərtlər mövcuddur – siyasi partiyalar üçün bərabərhüquqlu mübarizə şəraiti yaradılıb, namizədlərin seçicilərlə təmasları, öz siyasi platformalarını təqdim etmələri üçün imkanlar formalaşdırılıb. Ölkəmizdəki siyasi mühit isə əlverişlidir – azad rəqabətin inkişafı üçün mükəmməl qanunvericilik mövcuddur, müasir seçki təbliğat vasitələrindən (sosial şəbəkələr, mətbuat, internet resurslar və s.) və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar (veb-kameralı məntəqələr, barmaq boyası mexanizmi. Exit-poll və.s ) fəal şəkildə istifadə olunur. Seçkidə iştirak edən partiyalar və onların namizədləri yaradılan bu şəraitdən maksimum yararlanırlar. Builki seçkilərin qabağa çəkilməsi isə siyasi partiyaların seçkilərə hazırlıq prosesinə də əsaslı təsir göstərməyib. Bunun nəticəsidir ki, ilk dəfə olaraq seçkilərdə 26 siyasi partiyanın 25-i iştirak edir. Beləliklə, demək olar ki, bütün siyasi qüvvələr bu seçki marafonunda təmsil olunur – bu isə ölkəmizdə siyasi palitranın seçkiyə münasibətini də tam ortaya qoyur. Siyasi partiyaların seçkiyə münasibətdə bu qədər aktiv mövqe nümayiş etdirməsi isə ümumilikdə, prosesə həm maraq, həm də diqqət qazandırır. Siyasi partiyaların təmsilçiliyi həm də məntəqə və dairələrdə seçkinin daha aktiv müşahidəsini təmin edir – bu isə özlüyündə seçkinin demokratik və şəffaf keçirilməsi istiqamətindəki iradənin daha da möhkəmlənməsinə xidmət edir
Namizədlərin siyahısı dərc olunacaq…
Vurğulandığı kimi, bu gündən başlayaraq növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilib. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək. Səsvermə gününə azı 20 gün qalanadək, yəni avqustun 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini təmin etməlidir.
Görüş yerləri ayrılıb…
Eyni zamanda, ölkə üzrə təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrılıb. Qeyd edilən yerlərdə namizədlərin seçicilərlə görüşü təşkil ediləcək. Vurğulandığı kimi, bu dəfəki seçkilər suveren Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçiriləcək – bu səbəblə də, ilk dəfədir ki, təşviqatın aparılması üçün məhz həmin ərazilərdə də açıq və qapalı yerlər ayrılıb. Bu məqsədlə həmin bölgələrdə 25 təşviqat yeri müəyyənləşdirilib. Yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq ayrılıb. Təşviqatın aparılmasına görə azad olunmuş ərazilərdə seçicilərlə görüş üçün 14 açıq tipli yer, 11 qapalı tipli yer ayrılıb. Belə ki, Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb.
Müşahidə aparmaq üçün…
MSK tərəfindən hazırlanmış növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən seçkilərin təyin edilməsi haqqında Sərəncamın rəsmi dərcindən seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni avqustun 22-dək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), eyni zamanda, beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim edir. Paralel olaraq seçkilərin təyin edilməsi haqqında Sərəncamın rəsmi dərcindən seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni avqustun 27-nə kimi aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçki dairəsinin ərazisində müşahidə aparılması üçün ərizələrini müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir.
ASAN xidmət ilə birgə layihə…
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün “ASAN xidmət” mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir. İnnovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir. Vətəndaşlar Mərkəzlərdə olan “ASAN növbə” terminallarındakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.
Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.
Gün ərzində “ASAN xidmət”ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.
Ölkə xaricində səsvermə olmayacaq…
Qeyd edək ki, Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında Milli Məclisə seçkilərlə əlaqədar seçki məntəqələri yaradılmır. Ölkə qanunvericiliyində parlament seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında seçki məntəqələrinin yaradılması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmayıb. Qanunvericilikdə Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında seçki məntəqələrinin yaradılması ilə bağlı müddəa ancaq prezident seçkilərini əhatə edir.
Yaddaş kitabçası hazırlanıb…
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Layihənin reallaşdırılmasında başlıca məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir. Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.