Növbədənkənar Prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Trend-in məlumatına görə, seçici fəallığının ən yüksək olduğu dairə 17 saylı Yasamal Birinci Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 89,22% olub.
Seçici fəallığının ən aşağı olduğu dairə 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 66.03 % olub.
Qeyd edək ki, daha öncə seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə lider idi.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun səslərin 2,19 %-ni, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin 0,8%-ni, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın 2 %-ni, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin 0,67%-ni, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin 1,76%-ni və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin isə səslərin 0,53 %-ni topladığı açıqlanmışdı.
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan etmişdi. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirmişdi ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan etmişdi. Mərkəzin məlumatında bildirilmişdi ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizinin İlham Əliyevə səs verdiyini açıqlamışdı.
Xatırladaq ki, 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.