Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Toplantının gedişatında AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Akademik İsa Həbibbəyli bölmə tərəfindən təklif olunan yeni tərkibi iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Gəncə Bölməsində humanitar profilli müəssisələrlə işlərin idarə olunması məqsədilə sədr müavini vəzifəsinə bu sahədən təyinata ehtiyac yarandığını və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun bu vəzifəyə təklif edildiyini bildirib.
Müzakirələrdən sonra Gəncə Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi və eləcə də filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov bölmənin elmi işlər üzrə sədr müavini vəzifəsinə təsdiq olunub.
Toplantıda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib.

