Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə ərsəyə gələn “Əbədi Nizami irsi – audiokitab” adlı layihənin təqdimatı keçirilib.
Nizami Kino Mərkəzində baş tutan tədbirdə millət vəkili Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və davamçılar iştirak edib.
Audiokitabda dahi şair Nizami Gəncəvinin müəllifi olduğu əsərlərdən seçilən xüsusi nəzm nümunələri Azərbaycan və rus dilində səsləndirilərək bir araya toplanıb. Həmçinin layihənin faydalılıq əmsalını artırmaq və davamlılığını təmin etmək məqsədi ilə bu audioresurslar audiokitabların cəmləşdiyi və pulsuz istifadəsi mümkün olan müxtəlif virtual platformalara da yüklənib.
Tədbirin sonunda fəal davamçılara 100-dən çox audiokitab nüsxəsi hədiyyə olunub.
Qeyd edək ki, audiokitabın hazırlanmasında məqsəd əbədi irsimiz olan Nizami Gəncəvi yaradıcılığını ölkə daxilində gənclər arasında yerli səviyyədə, ölkə xaricində isə gənclər vasitəsi ilə beynəlxalq səviyyədə təbliğ etməkdir.