YAP Gəncə şəhər Təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyevin yenigence.com-a müsahibəsi
–Naqif müəllim, sabah aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi bitir. Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq. Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevin başa çatmaq üzrə olan təbliğat-təşviqat kampaniyası ilə bağlı düşüncələriniz nədən ibarətdir?
-Seçkiqabağı mühitə nəzər yetirsək qətiyyətlə demək olar ki, aprelin 11-də prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün ölkədə hər bir şərait yaradılıb. Namizədlərə öz namizədliklərini irəli sürməkdən tutmuş imzatoplama kampaniyasına, eləcə də namizədin namizədliyinin qeydə alınmasına qədər bütün prosedurlar demokratik prinsiplər əsasında həyata keçirilib. Seçkilərin təbliğat-təşviqat mərhələsi də artıq uğurla başa çatır. Ənənəvi olaraq hər bir seçki kampaniyasına ciddi hazırlaşan Yeni Azərbaycan Partiyası “İlhamla İrəli ” şüarı ilə öz layiqli namizədinin təbliğat və təşviqat kampaniyasını yüksək səviyyədə qurdu, Seçki Məcəlləsinə uyğun olaraq prosedurlar düzgün müəyyənləşdirildi, təbliğat-təşviqat işləri yüksək səviyyədə təşkil olundu. Əslində Prezident cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına ehtiyac yoxdur. Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə xalqın birmənalı olaraq Prezident cənab İlham Əliyevi dəstəklədiyinin, Onun ətrafında sıx birləşdiyinin şahidi olduq. Görüşlərdə çənab İlham Əliyevə alternativ namizəd görməyən seçicilərin fəallığı isə ölkədə yüksək səviyyədə seçki əhval-ruhiyyəsinin oduğundan xəbər verdi.
Azərbaycanda böyük mütəşəkkilliklə davam edən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi tərəfindən də ruh yüksəkliyi ilə həyata keçirildi. Son 15 il ərzində ölkə Prezidentinin fəaliyyətinin göz önündə olduğunu bildirən Gəncə seçiciləri də tam əmindirlər ki, 11 aprel 2018-ci il Azərbaycanın tarixinə növbəti uğur kimi yazılacaq. Belə ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.
-Yeri gəlmişkən, ötən 15 ildə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə diqqət mərkəzində olan başlıca məsələlərdən biri regionların sosial-iqtisadi inkişafı olub. Bu sahədə görülən işlər Milli Məclisdə təmsil etdiyiniz Gəncə sakinlərinin həyatında, rifahında özünü necə əks etdirir?
-Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu, bu gün də Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasətdə Gəncə bu gün dünyanın ən müasir və gözəl şəhərləri ilə bir sıradadır. Zəngin tarixi, güclü ziyalı qüvvəsi, əvəzedilməz sənaye potensialı olan qədim şəhər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə müqayisə olunmaz dərəcədə dəyişir, gözəlləşir, müasirliyə doğru hər gün yeni bir addım atır. Son illərdə şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri, əhəmiyyətli iri layihələr həyata keçirilib. Milli memarlığını qoruyub saxlamaqla şəhərin mərkəzi hissəsi təmamilə yenidən qurulub, çoxmərtəbəli binalar tikilib, muzeylər, parklar salınıb. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xəttinin və kanalizasiya sistemi tamamilə yenidən qurulur. Tezliklə Göygöldən, Qızılqayadan, başqa mənbələrdən çəkilən su, eləcə də kanalizasiya xətləri şəhər sakinlərin ixtiyarına veriləcək. Bütün bunlarla yanaşı, şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılıb. Ölkə Başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığı fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb. Gəncədə elmin, mədəniyyətin inkişafına böyük dəstək var. Son illər fəxri ad alanların, mükafatlara layiq görülənlərin sayı xeyli artıb. Şəhərin tarixi, mədəniyyəti ilə bağlı araşdırmalar geniş vüsət alıb. Gözoxşayan geniş küçələrin, parkların, çoxmərtəbəli binaların, iaşə obyektlərinin məktəblərin, səhiyyə ocaqlarının, muzeylərin, möhtəşəm Filarmoniyanın davamı olaraq Gəncə Dövlət Dram Teatrının, İdman Sarayının, 249 mənzilli yataqxananın, şəhər Psixiatriya Xəstəxanasının beynəlxalq standartlara uyğun yeni binaları tikilir, Gəncəçay sol sahilində Park Bulvar Kompleksi salınır. Bütün bu nailiyyətlərin təməlində ölkə Başçısı cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısı dayanır.
İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlərin, uğurların fövqündə Gəncə 11 aprel prezident seçkilərini yüksək ovqatla qarşılayır. Bu, bir daha onu deməyə imkan verir ki, gəncəlilər Azərbaycan Respublikasını dünyaya tanıdan, dünya azərbaycanlılarının lideri, ən böyük Azərbaycanlı dahi Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar.
-Ölkəmiz taleyüklü siyasi hadisənin-11 aprel prezident seçkiləri astanasındadır. Prezident seçkilərinin uğurla keçirilməsi və xalqın öz layiqli namizədinə səs verməsi onun gələcəyini müəyyənləşdirəcək. Sizcə, seçkilərdə Azərbaycan xalqının seçimi necə olacaq, növbəti 7 il üçün ölkənin taleyini kimə etibar edəcək?
-Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı artıq öz seçimini edib. 15 il ildə əldə olunan uğurlar cənab İlham Əliyevin qələbəsinin şəksiz olduğunu göstərir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ili təhlil edən xalq dövlət Başçısının hər bir vədini konkret əməli işdə təsdiqləməklə müasir müstəqil Azərbaycanı ən yüksək zirvələrə qaldırdığının şahidi olur. Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda hər sahədə inkişafa yol açan sabitliyin qorunduğunu görən xalqın seçimi birmənalı olaraq İlham Əliyev olur. Seçimində sərbəst olan hər bir seçici sözsüz ki, ölkəsinin, xalqının, ailəsinin gələcəyini düşənən hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən, təkmil islahatları ilə dünyaya inkişafın Azərbaycan modelini təqdim edən cənab İlham Əliyevə dəstək verəcək. Xalq inanır ki, bu gün davamlı olaraq inkişaf edən və regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycanda prezident seçkilərindən sonra ölkə tarixində yeni dövr başlayacaq, yeni islahatlar, qələbələr və böyük nailiyyətlər əldə olunacaq.
Xatırladım ki, ölkəmizin inkişafına, tərəqqisinə beynəlxalq strukturlar tərəfindən də qiymət verilib. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə ölkəmiz inkişaf etməkdə olan ölkələr arasında 3-cü pillədə yer alıb. Öz inkişaf yolu ilə gedən Azərbaycanda bu gün yoxsulluq göstəricisi 5,4 faiz, işsizlik təxminən beş faiz səviyyəsindədir. Bütün bunlar ölkə Başçısı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir.